Bakıda hər 4 obyektdən 1-də problem var - VERGİLƏR AÇIQLADI

Bakıda hər 4 obyektdən 1-də problem var - VERGİLƏR AÇIQLADI
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin məlumatına görə, bu ilin əvvəlindən paytaxt ərazisində dislokasiya olunmuş 29 min 101 təsərrüfat subyektinin (obyektinin) 24 faizində nöqsan aşkar edilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib ki, nöqsanların əksəriyyəti VÖEN-i olan hüquqi və fiziki şəxslərin obyektlərinin vergi qeydiyyatI olmadan fəaliyyət göstərməsi ilə bağlıdır. Uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş fiziki şəxslərdən 746-nın VÖEN qeydiyyatı aparılıb və uçot vahidləri bərpa olunub. Uçotsuz obyektlərdən 2 min 532-i qeydiyyata alınıb. Baza məlumatları üzrə fəaliyyəti dayandırılmış, lakin faktiki fəaliyyət göstərdiyi müəyyən edilən 2127 vergiödəyicisinin 19 faizinin fəaliyyəti aktivləşdirilib, 1156 obyektdə nəzarət-kassa aparatı, 1201 obyektdə POS-terminal quraşdırılıb.

Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb olunmasının qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini də gücləndirib. Departamentin gördüyü işlər nəticəsində 3557 vergiödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 11 min 710 işçi ilə əmək müqaviləsi bağlanılıb.

Sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsinə baxmayaraq, Bakı şəhəri ərazisində departamentdə qeydiyyatda olan vergiödəyiciləri üzrə büdcə daxilolmalarında bu vergi növündə əhəmiyyətli artım qeydə alınıb.


AMVPRESS.AZ

Xəbər lenti