Baş nazirin müavini: “Yanğının qəsdən törədilməsinə səbəb köçkünlərin yeni şəhərciyə köçmək istəməsidir”

Baş nazirin müavini: “Yanğının qəsdən törədilməsinə səbəb köçkünlərin yeni şəhərciyə köçmək istəməsidir”
Baş nazirin müavini Əli Əhmədov məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən yanğın hadisələrindən danışıb.

AMVPRESS.AZ-ın aldığı məlumata görə, Əli Əhmədov son aylar məcburi köçkünlərin məskunlaşdığı binalarda tez-tez yanğın hadisəsi baş verdiyini söyləyib: "Kürdəxanı qəsəbəsində yeni tikilib istifadəyə verilən köçkün şəhərciyində məcburi köçkünlərin köçürülməsi başladıqdan sonra Nərimanov rayonu ərazisindəki məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğın hadisəsi baş verib. İlkin ehtimala görə, yanğın hadisəsi qəsdən törədilib. Buna səbəb köçkünlərin yeni şəhərciyə köç etməsini tezləşdirmək istəməsidir. Son bir neçə ayda köçkünlərin məskunlaşdığı binalarda beş belə yanğın hadisəsi qeydə alınıb”, - Ə.Əhmədov qeyd edib.

Baş nazirin müavini əlavə edib ki, məcburi köçkünlər Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər gördüyünü bilməlidirlər. Mütəmadi olaraq Bakı və rayonlarda köçkün şəhərcikləri tikilir, çətin şəraitdə yaşayan ailələr yeni mənzillərə köçürülür: "Bu proses bundan sonra da davam edəcək. Sadəcə, səbr edib gözləmək lazımdır. Bu proses insanların yaşam şəraitinə uyğun aparılır. İlk növbədə daha çətin şəraitdə yaşayan ailələr köçürülür. Bu günə qədər ölkə ərazisində 100-dən çox köçkün şəhərciyi tikilib”.

Xatırladaq ki, aprelin 10-da "Azərsutikinti” xəstəxanasında məskunlaşan məcburi köçkünlərin yaşadığı binada yanğın olub. Hadisə yerinə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında yanğınların qəsdən törədilmə ehtimalından danışıb. R.Rzayev bildirib ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada iki nəfərin ölümü ilə nəticələnən yanğının qəsdən törədildiyi məlum olub. "Ekspertiza keçirilib, məlum olub ki, həmin yataqxanada yanğın qəsdən törədilib. Hazırda faktla bağlı araşdırma aparılır”. Qeyd edək ki, həmin yanğında 2 nəfər dünyasını dəyişmişdi.       
 
AMVPRESS.AZ
 

Xəbər lenti