Cəmi 23 ay yaşayan Cümhuriyyətin iqtisadi siyasət modeli…

Cəmi 23 ay yaşayan Cümhuriyyətin iqtisadi siyasət modeli…

1918-ci il mayın 28-də müstəqilliyi elan olunmuş  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqin ilk demokratik dövləti kimi tarixə düşüb. Bu il AXC-nin elan olunduğu şanlı tarixin 100-cü ili tamam olur. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət hökumətinin Azərbaycan dövlətçilik tarixində əsaslı xidmətləri olub. 1920-ci il 28 aprel istilasına qədər gənc dövlətin hökumətinin tərkibi dörd dəfə dəyişib.

 

AMVPRESS.AZ xəbər verir ki, AXC hakimiyyətdə olduğu zaman bir çox, xüsusilə sosial-iqtisadi sahədə demokratik qərarlar qəbul edilib. Bu qərarlardan bir hissəsi mövcud dönəmin çətinliyi, Rusiyanın müdaxilələrindən dolayı gecikib ya da həyata keçməyib. İstiqlalın görkəmli lideri olan Məmməd Əmin Rəsulzadə sosial ədalətsizliyin aradan qaldırılmasının başlıca vəzifə olduğunu bildirərək Cümhuriyyətdə iqtisadi reformların nə qədər vacib olduğunu "Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldır” fikrilə ifadə edib. Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tərəfdarı idi.

 

AXC-nin iqtisadi modelinə görə, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və "burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır”.

 

Respublikanın yaratdığı iqtisadi qanuna görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə "dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin "dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi.

 

AXC-nin qanun layihələri

 

AXC-nin aqrar proqramının əsasını aqrar islahatı haqqında "Müsavat” fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsəd torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın. "Müsavat” fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapırdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi.

AXC-nin iqtisadi platformasında pulun inflyasiyasının qarşısını almaq, inflyasiya şəraitində əmək haqqını tənzimləmək, ümumiyyətlə, pul tədavülünü, xaricə xammal satışını qaydaya salmaq, gömrük siyasəti, sahibkarlarla dövlət arasında münasibətlərin vergi vasitəsilə tənzimlənməsi qaydaları, Rusiya və qonşu respublikalarla iqtisadi əməkdaşlıq şərtləri, bu sahədə fikir və təcrübəni öyrənmək əsas məqsədlərdən idi.

 

AXC maliyyəçiləri - Əliağa Həsənov və Rəşid bəy Qaplanov

 

Cümhuriyyətin maliyyə və bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi Əliağa Həsənovun böyük xidmətləri olub. Ə.Həsənov Şəhər Dumasına üzv seçilmiş və Bakıya şollar kəmərinin çəkilməsində, kanalizasiya şəbəkəsinin yaradılmasında, Dənizkənarı parkın salınmasında xidmətlər göstərmişdi.

O, Fətəli Xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinəsində maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarında Dövlət müfəttişi, Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin yaratdığı birinci hökumət kabinəsində maliyyə naziri olub. Daha sonra vəzifəsindən azad edilən Ə.Həsənov Dövlət Bankının müdiri təyin olunub.

 

Maliyyə naziri vəzifəsini isə Rəşid bəy Qaplanov icra etməyə başlayıb. Ə.Həsənova qədər Azərbaycan Cümhuriyyətinin maliyyə nazirləri–Nəsib bəy Yusifbəyli, Əbdüləli bəy Əmircanov, Məhəmməd Həsən Hacınski, İ.Protasov olub. Onların hər biri çox ağır vəziyyətdə olan ölkənin maliyyə problemlərinin həllinə çalışıb.

Bu işlərin davamı olaraq, 1919-cu il iyulun 15-də xarici valyutanın kursunun müəyyənləşdirilməsi üçün Bank birjası yanında ayrıca komitə yaradıldı.

 

Eyni il sentyabrın 30-da Dövlət Bankının, oktyabrın 25-də isə Bankın Gəncə şöbəsinin açılması barədə qanun qəbul olundu. 1919-cu ilin 11 oktyabrında Parlament "Azərbaycan Dövlət Əmanət Kassaları haqqında nizamnamə”ni təsdiqlədi.

 

Ə.Həsənov həm də neft gəlirinin əldə olunmasına diqqət edirdi. Neft sənayesi sahəsində görülən tədbirlər nəticəsində neft hasilatı əvvəlki dövrlə müqayisədə yüksəlmişdi. Əgər 1918-ci ilin avqustunda 11, 2 milyon pud neft hasil olunmuşdusa, 1919-cu ilin avqustunda bu rəqəm 20, 4 milyona çatmışdı. Cümhuriyyət dövründə neft və neft məhsulları ehtiyatı 300 milyon puda yüksəlmişdi. Bu rəqəmlər və göstəricilər dövlətin iqtisadi siyasətinin düzgün yürüdülməsinin nəticəsi idi.

Parlamentdə kağız pulların müzakirəsi

 

1919-1920-ci illərdə AXC-nin 25, 50, 100, 250 və 500 manat dəyərində dövriyyəyə buraxılan kağız pullarının üzərində Nazirlər Şurasının sədri N.Yusifbəylinin və Maliyyə Naziri Ə.Həsənovun imzaları var idi. Tanınmış dövlət xadimi Ə.Həsənov həm də parlamentin iclaslarında fəallıq göstərib. O çıxışlarının birində deyirdi:

"Beş ildir bütün məmləkətdə anarxiyadır. Biz güman edirik ki, yollar açıq olacaq, mallarımız aparılıb satılacaq və oradan da bizim üçün hazır mallar gələcək”. O, fikirlərini konkret müddəlar əsasında çatdırırdı:

"Biz nə əkmişik, nə biçmişik? Dövlət haradan olsun? Gərək əkin  əkilsin, yollar açıq olsun, ticarət edilsin ki, əmniyyət də olsun”.

Parlamentin 101-ci iclasında kağız pullar müzakirəyə çıxarıldı. Pulumuzun dəyərinin aşağı olduğunu qeyd edənlərə cavab olaraq, Ə.Həsənov bunun heç də belə olmadığını bildirdi: "Bizim pullar köhnə pullara nisbətən yaxşı haldadır”. Dövlət rəsmisi yalnız Azərbaycanda deyil, eləcə də Fransa və Almaniyada ümumi kağız pullarının kursunun aşağı düşdüyünü qeyd edir, mövcud problemlərə toxunur, vergi işlərinin müəyyən sistemə salınmadığını, verginin xalqa tanıdılıb qəbul etdirməyin çətinliyini vurğulayırdı. Onun bu cür çıxışları maliyyə sahəsində kifayət qədər bilik və bacarıqlara sahib olmasının göstəricisi idi. Ə.Həsənovu bu vəzifədə əvəz edən Rəşid bəy Qaplanov da onun kimi, dövlətin mənafeyindən çıxış edirdi. R.Qaplanov ölkə iqtisadiyyatında islahatların, sərvət mənbəyi olan neftdən, son zamanlarda ehtiyaca görə pambıq, ipək yerinə buğda əkilməsindən, vergilərin bir hissəsinin artırılmasından, vəziyyətdən çıxmaq üçün hökumətin daha səmərəli çalışmasından bəhs edirdi. O AXC-nin istər maarif, istərsə də maliyyə naziri vəzifələrində çalışarkən dövlətin inkişafında önəmli rol oynayıb.

 

Gömrük xidmətləri-mal mübadiləsi

 

Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində də böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı.

Müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-"Bakı bonları” buraxıldı. O vaxtadək ölkədə "Nikolay” pulları və "Kerenski” pul vahidləri işlənirdi.

 

Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.

 

Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Azərbaycan Dövlət Bankının yaradılması da məhz bu məqsədi daşıyırdı.

Eyni zamanda, müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu.

 

Həmin iclasda qəbul olunan qərara görə, əsas diqqət xəzinənin doldurulmasına yönəldildi. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda geniş əksini tapdı.

 

Respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. Daxili bazarı tənzimləmək məqsədilə 9 fevral 1920-ci ildə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi. Çevik vergi siyasəti yeridildi, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirildi, bu siyahıya 200-dən çox məhsulun adı daxil edildi.

 

AXC-də təşəkkül tapmaqda olan iqtisadi sistemi o dövrün qabaqcıl iqtisadi nəzəriyyələrindən və ümumi inkişaf xəttindən kənarda təsəvvür etmək olmaz. O zaman dünyada azad rəqabətdən inhisara, tənzimlənməyən bazar iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına keçid baş verirdi. İqtisadi liberalizm prinsipləri mütləq qəbul olunan deyildi. Bu da öz əksini, heç şübhəsiz, AXC-nin iqtisadi inkişaf platformasında tapırdı.

Cümhuriyyət hökuməti dövrün mürəkkəb problemləri ilə əhatə olunmasına baxmayaraq, ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyinə söz verərək, müvafiq addımlar atmağa çalışırdı.


Xəbər lenti