Əmanətlərin tam sığortalanması müddətinin 1 il artırılması nə deməkdir?

Əmanətlərin tam sığortalanması müddətinin 1 il artırılması nə deməkdir?

Xəbər verdiymiz kimi, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti 1 il artırılacaq.

Oxuculardan mövzu barədə suallar alırıq. Əmanətlərin  tam sığortalanması müddətinin 1 il artırılması nə deməkdir?

Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti başa çatacaqdır.

2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanırdı və tam kompensasiya olunurdu. "Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra (4 Mart 2016-cı ildən) banklarda qəbul edilən tam sığortalanmasına başlanıldı (Həmçinin əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla). Bu şərtlər çərçivəsində, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalıdır. Yəni, əmanət 50 min, 150 min, 300 min manat və s. olmasından asılı olmayaraq tam sığortalanır və bank müflis olduğu halda kompensasiya olunacaqdır.

AMVPRESS.AZ Marja-ya istinadən xəbər verir ki, narahatlıq 4 Mart 2019-cu il tarixindən sonra bankların qəbul edəcəyi və ya müddəti uzadılacaq əmanətlər ilə bağlı idi.  Əgər "Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti uzadılmasaydı, yenidən banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanacaqdı. Belə olduqda 30 min manatdan yüksək vəsaitə malik olan vətəndaşlar pulunu bir neçə banka əmanət etməli olacaqdılar. Həmçinin ötən il banklara yerləşdirilən və məbləği 30 min manatdan yuxarı olan əmanətlərin vaxtı çatdıqda sığortasız əmanət kimi uzadılacaqdı. Əmanət sahibi müddəti uzatmayaraq pulunu geri götürə də bilərdi.

Bütün bankların şərtləri sərfəli olmadığından yüksək məbləğdə vəsaitə malik olan əmanətçilər pulunun bir hissəsini evdə saxlamağa üstünlük verə bilərdi.

Əmanətlərin tam sığortalanması qaydası 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır. "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir. 2020-ci ilin mart ayının 4-ə qədər bankların qəbul edəcəyi və ya müddəti uzadılacaq əmanətlər də tam sığortalanacaqdır.

Əmanətlərin tam sığortalanması mexanizmi tətbiq edilənədək cəmi əmanətlərin 24.3%-ni (2.3 milyard manatını) kompensasiya olunan əmanətlər təşkil edirdi. Hazırda isə  əmanət portfelinin 77%-i (6.4 milyard manatı) kompensasiya olunan əmanətlərə aiddir. Kompensasiya olunan əmanətlərin 24%-ni (1.5 milyard manatını) 30 min manata qədər əmanətlər təşkil edir. Qanunun müddəti uzadılmasaydı  4,9 milyard manat əmanət ilə bağlı qeyri-müəyyənlik yarana bilərdi. Müddətin uzadılması həm əmanətçilər həm də banklar üçün şad xəbərdir.

Əmanətlərin tam sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Qanunun məqsədi

Bu Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir.

Maddə 2. İstifadə olunan anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

Maddə 3. Qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanması

Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır.

Maddə 4. Tam sığorta təminatının əldə edilməsi

 

4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

 

4.2. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

 

Maddə 5. Kompensasiyalar

 

5.1. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

 

5.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir.

 

Maddə 6. Yekun müddəalar

 

Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2016-cı il.


AMVPRESS.AZ



Xəbər lenti