Çində universitet birincisi olan azərbaycanlı tələbə

Çində universitet birincisi olan azərbaycanlı tələbə

Fərahim Hüseynzadə: "Burada kitabxanaların boş olduğunu görmək müşkül məsələdir”

Bu yaxınlarda azərbaycanlı tələbə Fərahim Hüseynzadə Çində universitet birincisi oldu. Çinin Renmin Universitetində təhsil alan həmyerlimiz oxuduğu ali təhsil müəssisəsinin daxili təqaüdünə və ən yüksək mükafatına layiq görülüb. "Xaricdə təhsil” rubrikası üçün elə bu nailiyyətindən dolayı Fərahimlə söhbətləşdik. Deyir ki, Çinə gedəndən ağlındakı tək fikir təhsilini tamamlayıb, yenidən Azərbaycan qayıtmaqdır. Bütün gücünü, elmini, biliyini ölkəmizin, xalqımızın inkişafı üçün sərf etmək niyyətindədir.

Qeyd edək ki, F.Hüseynzadə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin ingilis bölməsində bakalavr təhsili alıb. BDU-da oxuduğu müddət ərzində fakültənin Tələbə Gənclər Təşkilatının sədri və iki dəfə "İlin tələbəsi” seçilib.

Hazırda isə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Çin Xalq Respublikasının qarşılıqlı müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində "Çinin biznes hüququ” üzrə magistr pilləsində tam təqaüdlə təhsilini davam etdirir. Təhsil aldığı müddətdə ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən F.Hüseynzadə "Academic Performance” kateqoriyası üzrə Renmin Universitetində nəinki fakültə, həmçinin universitet üzrə birinci olmağı bacarıb. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya, Fransadan olan tələbə həmkarlarını qabaqlamağı bacarıb.

– Xaricdə təhsil şərtdirmi? 

– Əslində, bu sualı verəcəyinizi gözləyirdim. Yox, məncə,  xaricdə təhsil şərt deyil. Başqa ölkəyə getmədən də kifayət qədər özünü inkişaf etdirmək olar. Yəni, hazırda texnika və texnologiya o qədər inkişaf edib ki, istənilən onlayn resursdan istifadə edərək, biliklərini artıra bilərsən. Məncə, məkanın fərqi yoxdur. İnsan öz şəxsi inkişafı üçün daim çalışmalıdır. Ona görə də "xaricdə təhsil mütləq olmalıdır” deyə bir düşüncəm yoxdur. Amma ki, əgər təqaüdlü təhsil proqramlarına qoşulmaq imkanı varsa, ölkəmiz belə bir şərait yaradıbsa, niyə də bundan istifadə edilməsin?

– İki ölkənin təhsilinə bələd olan biri kimi, hansı fərqləri müşahidə etdiniz?

– Bir çox dünya ölkələrində olduğu kimi Çində də dərsin keçirilməsində interaktiv üsula üstünlük verilir. Texnologiyanın verdiyi imkanlardan geniş istifadə etmək olur. Digər tərəfdən, Çində kitabxana mədəniyyəti daha çox inkişaf edib. Burada kitabxanaların boş olduğunu görmək müşkül məsələdir. Kitabxana müqəddəs bir yer sayılır. Oxumağa böyük həvəsləri var. Çünki irəli getməyin, inkişaf etməyin yolunu oxumaqda görürlər. Amma buna baxmayaraq, müəyyən oxşarlıq da var. Belə ki, konfutsi mədəniyyətindən irəli gələrək, müəllimə dərin hörmət və ehtiram hissi ilə yanaşırlar. Yəni, bu o demək deyil ki, digər ölkələrdə bu yoxdur. Sadəcə, Azərbaycanda və Çində daha yüksək səviyyədədir. Məncə, bir qədər də ideologiyadan irəli gələn yanaşmadır.

– Gələcəklə bağlı nə düşünürsünüz?

– Mən ölkəmi çox sevirəm. Bura gələndə də ağlımdakı tək fikir təhsilimi tamamlayıb, yenidən Azərbaycan qayıtmaq idi. Hələ də, bu düşüncədəyəm. Burada öyrəndiklərimi gəlib öz ölkəmdə tətbiq etmək istəyirəm. Bütün gücümü, elmimi, biliyimi ölkəmizin, xalqımızın inkişafı üçün sərf eləmək niyyətindəyəm. Bu işdə də istədiyim uğuru əldə edəcəyimə əminəm. Çünki bunu istəyərək, sevərək edirəm. Bilirəm ki, bunun üçün müəyyən mərhələlərdən keçməliyəm. Ümidvaram ki, qarşıma qoyduğum bu məqsədə nail olacağam. Bunu da qeyd edim ki, hazırda Çində təhsil alan azərbaycanlı gənclərin elmi assosiasiyasını yaratmağı düşünürük.


Xəbər lenti