Koronavirusa qarşı #maskamkitabolsun aksiyası başladılıb

Koronavirusa qarşı #maskamkitabolsun aksiyası başladılıb

 

Son günlərdə dünyada və ölkəmizdə gündəm mövzuya çevrilmiş koronavirus mövzusu sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub.

Virusdan qorunmaq üçün maskalara üstünlük verənlərin sayının birdən-birə artması apteklərdə maska qıtlığı yaradıb. Bunu əczaçıların özləri də təsdiqləyir. Hətta maskalara bu qədər tələbatın olması onun qiymətindən də yan keçməyib. Maska ilə bərabər spirtlərin də qiymətləri dəyişib. Əczaçılar bildirirlər ki, tələbatın artmasına görə depolarda maskalara limit tətbiq edilib. Bir nəfərə 1-2 ədəddən artıq maska satılmır.

AMVPRESS.AZ xəbər verir ki, sosial şəbəkələrdə koronavirusa qarşı #maskamkitabolsun çağırışı ilə aksiya başladılıb. "KVAN”, "Ubuntu”, "Alamo13”, "Onqaku”, "Lamartin” kitablarının müəllifi, yazıçı, təlimçi Coşqun Kərimov və "İnsan Mühəndisliyi” proqramının rəhbəri, təlimçi Rövşən Nəcəfov tərəfindən mövzuya uyğun sosial şəbəkələrdə paylaşım edilib.

Coşqun Kərimov:

"Hansı üz maskasını taxaq?

Virusların ən sevdiyi məkan immuniteti zəif olan insanın canıdır. Bizim immun sistemi zəiflədən başlıca amil stress və onun fəsadlarıdır. Stressin ana vətənində yaşayırıq. Deməli viruslar üçün münbit şərait var. Bəs indi özümüzü necə qoruyaq? Üzümüzə nə taxaq?

Qan təzyiqini, ürək döyüntüsünü, stressi və depressiyanı tənzimləmək üçün gündə 10-15 dəqiqə kitab vərəqləyin. Qarşıda gələn 15-20 gündə özünüzə 2-3 kitabdan "maska" düzəldin. Qarışdırın. Şəxsiinkişaf, ədəbiyyat, memuar və ya elmi əsər olsun. İmmuniteti çox zəif olanlar 30+ dəqiqə oxusun.

Fəsildən fəsilə keçəndə isti su için.
Xoş qiraət arzu edirəm!"

Rövşən Nəcəfov:

"Sizin üzünüzdə hansı "maska" var?
Zaman anlayışı arxamızda əqrəblərin bir-birini müşahidə etməsi kimidir. Həyat isə bizim özümüzü dərk edib, sonra tərk edəcəyimiz anların müşahidəsidir.

İnsanın orqanizmi zəif olduğu kimi, fikri də zəif ola bilir. Orqanizm zəif olanda həkimə müraciət edilir. Həkim bizə immunitetimizin gücləndirilməsi üçün tövsiyyələr verir.

Fikrimiz zəif olanda nə etməliyik? Bizi güclü edən fikrimizdə olan immunitetdir. Fikrimizin "xəstə" olmaması üçün kitabı (kitabları) üzümüzə "maska" olaraq tutmalıyıq.

Virus hər zaman immunitetimizin zəif olduğu ünvana qonaq gəlir. Fikrimizi virusdan qorumalıyıq!

Biz, #maskamkitabolsun deyirik!

Çünki...

Bilik elə bir "xəstə"likdir ki, ona yoluxmaq üçün çox çalışmaq lazımdır. Heç bir xəstəlik onun qədər dəyərli deyil. O "xəstə"liyi istəsələr də müalicə edə bilməzlər. Bəzən, cəmiyyət bu "xəstə"liyin müalicəsinə çalışır. Nəticədə, cəmiyyət özünü xəstələndirir.

Sizin "sağlam"lığınız xəstədir! "Xəstə"liyiniz sağlam deyil!

İnsanlara SEVGİ verin, SU verin!"

Qeyd edək ki, #maskamkitabolsun aksiyasının məqsədi insanları kitab oxumağa istiqamətləndirmək və şəxsi inkişafının vacib olduğunu aktuallaşdırmaqdır.

AMVPRESS.AZ


 

Xəbər lenti