Kredit faiz dərəcələrini hansı yollarla aşağı salmaq olar? — RƏY

Kredit faiz dərəcələrini hansı yollarla aşağı salmaq olar? — RƏY
Azərbaycanda kredit faiz dərəcələrinin yüksək olması cəmiyyəti narahat edən ən ciddi məsələlərdən biridir.

AMVPRESS.AZ xəbər verir ki, kredit faiz dərəcələrinin yüksək olmasının acı nəticəsidir ki, 2015-ci ildə ölkədə baş verən infilyasiya zamanı maliyyə-bank sektorunda ciddi sarsıntılar yaşandı və bu sahənin fəaliyyəti iflic vəziyyətinə düşdü. Nəticə etibarı ilə ölkədə problemli kreditlərin həcmi ən yüksək "qırmızı həddə” çatdı. Sonda isə bunun ağır yükünü dövlət öz üzərinə götürməli oldu. Azərbaycan Prezidenti İlham Əliyev  hər zaman olduğu kimi bu dəfə də vətəndaşını çıxılmaz vəziyyətdə qoymamaq üçün problemli kreditlərtn həlli ilə əlaqədar olaraq xüsusi bir fərman imzalamalı oldu.

Buna baxmayaraq, bank sektorunda ciddi problemlər  hələ də qalmaqdadır. Əhalinin artıq banklara etimadı qalmadığından həm ora əmanət yatırmağa, həm də kredit götürüb hansısa  iş görməyə ehtiyat edir. Əsas səbəb də bir daha dediyimiz kimi, kredit faiz dərəcəsinin həddən artıq yüksək səviyyədə olması ilə bağlıdır. Bəs hansı mexanizmləri tətbiq etməklə bankların verdiyi kredit faiz dərəcələrini aşağı salmaq olar.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası  deyir ki,  Azərbaycanda banklar özəl kommersiya orqanı olduğundan dövlət onların fəaliyyətinə müdaxilə edə bilmir və onların belə bir  hüququ yoxdur. Sadəcə tövsiyyə verə bilər. Belə tövsiyyələr də kommerisya banklarına edilir. Odur ki, bu problemin necə həll olunması ilə bağlı mütəxəssislərə müraciət edərək, onların fikirlərini öyrənməyə çalışdıq.

Millət vəkili Tahir Mirkişili "Ölkə.Az”a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda kredit faizlərinin, xüsusən sahibkarlıq üçün kredit faizlərinin yuxarı olması sahibkarlığın inkişafı üçün müəyyən qədər maneələr yaradır: "Kredit faizləri nə qədər aşağı olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər və yaxud daha çox iş görə bilər. Bu gün bütövlükdə kredit portfelinin ümumi daxili məhsulda həcmi, təxminən 12 faizə yaxındır. İqtisadiyyatın sürətli inkişaf etməsi üçün kredit portfelinin ümumi daxili məhsulda payı 60 faizdən yuxarı olmalıdır. Bu, o deməkdir ki, Azərbaycanda kredit portfelinin həcmi xeyli aşağıdır. İqtisadiyyatın sürətli inkişafı üçün kreditlərə ehtiyac var, bu kreditlərin həcmi artmalıdır. Amma istənilən halda kredit faizləri də sahibkarlara daha çox iş görməyə imkan verməlidir”.

Onun sözlərinə görə,  bu gün Avropa ölkələrində kredit faizləri bir neçə faizdirsə, bizdə bir çox hallarda 15 faizin üzərindədir:

"Böyük həcmdə fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini aşağı salır. Azərbaycan sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri ilə üzləşir. Sahibkarlarımızın ucuz pul kütləsinə asan çıxışının olmaması rəqabətdə ciddi problemlər yarada bilir”.

Kredit fazi dərəcələrinin hansı  yollarla aşağı salınmasına gəldikdə T.Mirkişili qeyd edib ki, banklar özəldir və onlar da sahibkarlığın bir formasıdır:

"Bu gün bankların hər hansı bir formada kredit faizlərini aşağı salması iki istiqamətdə mümkündür. Bir istiqamət ondan ibarətdir ki, istənilən halda bankların daha çox ucuz pul kütləsinə çıxışı olmalıdır.

Bu gün bankların kredit cəlb etməsində iki mühüm mənbə var. Birincisi, əhalinin əmanətləridir, ikincisi isə bankların beynəlxalq bazardan cəlb etdiyi pul kütləsidir. Kredit faizlərinin yuxarı olmasının bir səbəbi də əhalidən qəbul olunan əmanətlərin faizlərinin yuxarı olmasıdır. Belə çıxır ki, biz kredit faizlərini aşağı salmağa çalışsaq, istənilən halda əhalinin əmanət faizləri də aşağı düşməlidir. Bu, bir tərəfdən əhalinin gəlirlərinə təsir edəcək.

Amma digər tərəfdən bunu iqtisadi üsulları da var. Bir çox ölkələrdə müəyyən dərəcədə məhdudiyyətlər tətbiq edirlər ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən sərf etməsin. Məsələn, əgər banklar yuxarı faizli kredit verilirsə, bu kreditlərin qaytarılması üçün banklar daha çox özlərində ehtiyat yaratmalıdır. Bankın daha çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir. Ona görə də bank daha az ehtiyat yaratmaq üçün aşağı faizlə kredit verməkdə maraqlı olur. Bu, məsələnin mühüm bir hissəsidir.

Biz də düşünürük ki, bu gün ölkəmizdə iqtisadi alətlərlə banklara kredit faizlərinin aşağı salınması ilə bağlı təsir etmək mümkündür. Amma eyni zamanda, daha ucuz kreditə və yaxud da pul kütləsinə çıxışı təmin etmək üçün banklara köməklik göstərmək lazımdır. Son nəticədə kredit faizlərinin aşağı düşməsində hamımız maraqlıyıq”.

İqtisadşı ekspert Rövşən Ağayev isə "Ölkə.Az”a açıqlamasında  bildirib ki, bu gün banklar kreditlərin 80 faizini depozitlər hesabına verir:

"Azərbaycanda fəaliyyət göstərən banklar bu gün faktiki olaraq  pulu olanlarla pula ehtiyacı olanlar arasında vasitəçi rolunu oynamaqdadır. Çünki bankların qəbul etdiyi depozitlərin fazi dərəcəsi yüksək olduğundan verdikləri kredit faizləri də yüksəkdir.  Banklar xüsusən də manatla olan əmanətləri yüksək fazi dərəcəsi ilə 11-13 fazilə qəbul edir və 24-26 faizlə əhaliyə verir.  Əgər banklar bunu əhaliyə 18-20 fazi dərəcəsi arasında versəydi bu başadüşülən olardı. Yəni bank da bir sahibkar kimi qazanmalıdır. Ancaq 24-26 faizə verməsi anlaşılan deyil. Odur ki, Azərbaycanda kreditlərin fazi dərəcəsinin yüksək olmasının birinci səbəbi bankların əldə etdiyi resursların baha olmasıdır. Məntiqə uyğun olaraq əgər əldə edilən resurs bahadırsa, verilən kreditin də fazi dərəcəsi yüksək olacaq. Ona görə də bankların əldə etdiyi resurların ucuzlaşdırılmasına ehtiyac var”.

O, əlavə edib ki, bu gün bankların manatla  qəbul etdiyi depozitlərin ucuzlaşdırılması da elə asan məsələ deyil:

"Dollarla olan depozitlər həddən artıq aşağı səviyyədə 1-3 faiz həddindədir. Manatla olan depozitlərin  səviyyəsi isə 11-13 faiz arasındadır. Çünki Azərbaycan vətəndaşı banka manatla depozit qoymağa ehtiyat edir. Qorxur ki, infilyasiya olar və pulu batar. Ona görə də manatla banka əmanət yatırmaq istəmir. Bank da məcburiyyət qarşısında yüksək fazilər vəd etməklə manatla əmanət cəlb edir”.

Ekspert belə olan şəraitdə təklif edir ki,  kredit faiz dərəcələrinin aşağı salınması üçün  Mərkəzi Bank uçot dərəcələrini aşağı salmalıdır:

"Uçot dərəcəsi yüksək olduğundan bankların da cəlb etdikləri vəsaitlərin fazi dərəcəsi yüksək olur. Maliyyə naizlriyinin  banklara satdığı istiqrazların da  faiz dərəcəsi  yüksək olur.

Mərkəzi Bank da uçot dərəcəsini aşağaı sala bilmir.  Səbəb kimi ölkədə  infilyasiya riskinin olduğunu göstərir. Həqiqətən də ölkədə infilyasiya riski mövcuddur.  Belə  situasiyada  kommersiya banklarını da tam qınamağın tərəfdarı deyiləm.

Kreditlərin ucuzlaşmasının digər bir yolu- xaricdən ucuz maliyyə resurlarının cəlb edilməsi ilə mümkündür. 2015-ci ilədək banklar  xaricdən ucuz və sərfəli şərtlərlə maliyyə resursları cəlb edə bilirdirlər. Ancaq ondan sonra vəziyyət bir  qədər mürəkkəbləşib və ucuz maliyyə resursları cəlb etməkdə problemlər var. Odur ki, bank bu gün əlini hara atır, əldə etdiyi maliyyə resursu bahadır. O da  kreditin faiz dərəcəsini yuxarı edir. Bir daha qeyd edirəm ki, bankların cəlb etdiyi maliyyə resursu nə qədər baha olsa da, verdikləri kreditlərin  bu dərəcədə də yüksək olmasına haqq qazandırmaq mümkün deyil”.

Onun fikirncə, belə olan halda Mərkəzi Bank əlində olan maliyyə resurslarından istifadə etməklə kreditlərin faiz dərəcəsini aşağı sala bilər: "Bunun üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarətə Palatası  banklara mərkəzləşmiş  formada ucuz kreditlər təklif edə bilər.  Necə ki, belə praktika dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə mövcuddur.ABŞ, Avropa, Yaponiya kimi ölkələrdə belə bu təcrübədən istifadə edilir.

Digər bir mexanizm isə banklararası kredit bazarını formalaşdırmaqla  kredit fazilərini aşağı sala bilər. Yəni Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isətəsə bunu edə bilər və kreditləri fazi dərəcələrinin aşağı endirilməsi məhz bu iki qurumun fəaliyyətindən asılıdır. Bunun üçün bu gün Azərbaycanda yetərincə imkanlar var. Sadəcə bu qurumlar öz məsuliyətlərini dərk edib, işlərinə ciddi yanaşmalıdırlar.  Bu qurumlar  fəaliyyətlərinə məsuliyyətlə yanaşmadığından vəziyyət bu həddə çatıb”.

Ekspert hesab edir ki, Mərkəzi Bank və MBNP özəl bankların fəaliyyətinə  heç bir müdaxilə etmədən sadəcə mexanizmlərə yaratmaqla buna nail ola bilərlər. "Banklararası kredit bazarı formalaşdırmaq, banklara mərkəzləşmiş qaydada kredit təklif etməklə bunu edə bilər. Belə bir  sistem yaradılarsa, o zaman  birbaşa adminstrativ qaydada  müdaxiləyə ehtiyac qalmayacaq. Bu üsul yuxarıda söylədiyim kimi, dünya təcrübəsində mövcuddur. Bankların da ucuz maliyyə resurları əldə etmək imkanı yarandığından və onlar da məcbur olub kreditlərin faiz dərəcələrini aşağı salar”, - R.Ağayev bildirib.


AMVPRESS.AZ


Xəbər lenti