“Maarifçilik” Könüllülük Akademiyasının açılış mərasimi keçirildi (FOTOLAR)

 “Maarifçilik” Könüllülük Akademiyasının  açılış mərasimi keçirildi (FOTOLAR)
Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında könüllülük, maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış " Maarifçilik” Könüllülük Akademiyasının açılış mərasimini keçirdi.

AMVPRESS.AZ xəbər verir ki, 21-26 iyul 2019-cu il tarixlərində Şamaxı rayonunda yerləşən Vergi Tədris Mərkəzində 70 nəfər gəncin iştirakı ilə həyata keçirilən Akademiynın  əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin gənclərlə görüşü zamanı qeyd etdiyi prioritetlərə uyğun olaraq, ölkəmizdə könüllü ordusunun daha da genişləndirilməsi, gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması və onların şəxsi inkişafına hesablanan dövlət siyasətinə  ictimai dəstək verməkdir.

Akademiyanın açılış mərasimində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinə geniş yer verilməsini gələcəyə hesablanan strategiyanın anonsu kimi qiymətləndiririk. Xüsusən cənab Prezidentin dəstəyi ilə könüllülük hərakatının geniş vüsət alması, özəl və dövlət sektorunda bu ənənənin davam etdirilməsi ilə bağlı tövsiyyələri yaxın aylarda könüllülük prinsiplərinin əhatə dairəsini artıracaqdır. Sözsüz ki, digər verilən qərarlar kimi ölkə başçısının bu siyasəti birmənalı olaraq gənclərin vətəndaş cəmiyyətində iştirakçılığının artırılması ilə yanaşı, onların ictimai nəzarət funksiyasını genişləndirəcəkdir.

Tədbirdə iştirak edən millət vəkilləri Pərvin Kərimzadə, Sona Əliyeva, Dilarə Cəbrayılova, UNEC Tədqiqat Fondunun layihə departamentinin rəhbəri Ayşə Məhərrəmova, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramin Məmmədov  ölkəmizdə "qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, Azərbaycan gənclərinin yüksək təhsilli olması üçün hər cür şərait yaradıldığını iştirakçıların diqqətinə çatdırıblar. Məruzəçilər bildirmişlər ki, gənclər geniş dünyagörüşünə malik olmalı, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.
Açılış mərasimi daha sonra gənclərin interaktiv sual-cavabları ilə davam etmişdir.

Qeyd edək ki, Akademiya 26 iyulda başa çatacaq. 
 

AMVPRESS.AZ

Xəbər lenti