Minimum «maaş oyunu» bitdi? – 250 manatı hər işçiyə vermək - MÜMKÜN OLMAYACAQ

Minimum «maaş oyunu» bitdi? – 250 manatı hər işçiyə vermək - MÜMKÜN OLMAYACAQ
Azərbaycanda minimum əmək haqqı dövrü başlayıb. Söhbət təkcə ölkədə minimum əmək haqqının sentyabrın 1-dən 250 manata qaldırılmasından getmir.

AMVPRESS.AZ xatırladır ki, bu artım 300 mini özəl, 650 mini dövlət bölməsində olmaqla ümumilikdə 950 min nəfəri əhatə edəcək.

Amma əsas yenilik vergi orqanlarının şirkətlərin minimum əmək haqqı davranışlarını nəzarətə götürmək və bu sahədə indiyədək ənənəyə çevrilmiş pozuntuları aradan qaldırması ilə bağlı addımlardır.

Hələ bir ay əvvəl Vergilər Nazirliyi bəyan etdi ki, əmək bazarı və əmək münasibətlərinə nəzarət artırılıb. Söhbət təkcə indiyədək qeydiyyatsız və ya xidməti müqavilə ilə işləyənlərin əmək müqaviləsinə keçirilməsindən deyil, eləcə də maaşların reallığa uyğun yazılmasından gedirdi.

Nazirliyin bununla bağlı apardığı araşdırmalar maraqlı faktlar üzə çıxarıb. Nazirlik bildirir ki, iqtisadiyyatın ayrı-ayrı sektorlarında şirkətlərin işçilərinə ödədiyi əməkhaqları məbləğləri həmin şirkətlərin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və «düzgün işləyən» şirkətlərin maaşlarından bir neçə dəfə aşağıdır.

Bəzi şirkətlərdə isə direktor, baş mühasib, menecer eyni maaş alırlar. Eyni zamanda, əksər şirkətlər işçilərlə bağlanan müqavilələrdə əmək haqqını minimum əmək haqqı məbləği səviyyəsində göstərirlər.

Nazirlik aydın şəkildə bəyan edib ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

İndi isə, sentyabrın 1-dən minimum əmək haqqının artırılması barədə prezidentin sərəncamı qüvvəyə minib. Başqa sözlə, bu sərəncama əsasən işçilərin əmək haqlarına dəyişikli edən şirkət rəhbərləri problemlə üzləşməmək üçün qanunvericiliyə diqqət yetirməlidirlər.

Məsələ bundadır ki, yuxarıda da qeyd edildiyi kimi, əmək haqqının minimum məbləği (250 manat) yalnız ixtisassız əmək üçündür. Bakı Hesabat Mərkəzinin rəhbəri, tanınmış mühasib Mehdi Babayev bildirir ki, istənilən şəxsə, məsələn, mühasib və ya memara 250 manat əmək haqqı ödəmək olmaz və bu qanun pozuntusudur: «Direktorlar üçün, mühasiblər üçün, hətta sürücülər üçün əmək haqqı 250 manat ola bilməz, çünki sürücü işi ixtisaslı əməkdir. Onun sürücülük vəsiqəsi var. Qanunla sürücünün işi də ixtisaslı əməkdir».

M.Babayev bildirir ki, bundan başqa, vəzifələrin bir-birinə uyğunluq prinsipi də var: «Yəni fərqli vəzifədə, fərqli iş həcmi və fərqli məsuliyyəti bölüşən şəxslərin eyni məbləğdə maaş alması mümkün deyil. Baş mühasib, xəzinadar və direktor eyni maaş almamalıdır».

Başqa sözlə, Azərbaycanda bəzi işəgötürənlərin uzun illər ərzində öyrəşdiyi minimum əmək haqqı davranışı dövrü artıq başa çatmaqdadır. Nəticədə budəfəki minimum əmək haqqı artımından sonra şirkətlərdə rəsmi maaşların daha çox artması gözlənilir.
 
AMVPRESS.AZ

Xəbər lenti