Peşə məktəblərində əməkhaqları belə hesablanacaq - Yeni normativlər təsdiqləndi

Peşə məktəblərində əməkhaqları belə hesablanacaq - Yeni normativlər təsdiqləndi
Nazirlər Kabineti "Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib.

AMVPRESS.AZ xəbər verir ki, dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.

Dövlət peşə təhsili müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir.

"Əməkhaqqı” üzrə xərc normativinə "Ştatda olan işçilərin əməkhaqqı”, "Ştatdankənar işçilərin əməkhaqqı” və "Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərcləri daxildir.  "Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir. "Ştatdankənar işçilərin əməkhaqqı” xərc normativinə təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqların ödənişi ilə bağlı xərclər daxildir.  "Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

Təhsilverənlərin (pedaqoji işçilər), təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin və xidmətedici heyətin əməkhaqqı hədləri Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla,  Əmək Məcəlləsinə uyğun olaraq təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli qərarı ilə (əməkhaqqı artımı ilə bağlı dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilir.

"Əməkhaqqına ayırmalar” üzrə xərc normativinə   sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.  "Məcburi dövlət sosial sığorta haqları” üzrə  xərc normativinə müəssisədə çalışan işçilərin əməkhaqlarına hesablanan və ödənilən xərclər daxildir.

Normativin hesablanması:

Nmdssh = ƏHF * MDSSH

Burada Nmdssh - illik məcburi dövlət sosial sığorta haqları norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, MDSSH – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət social sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə "Sosial sığorta haqqında” qanun ilə müəyyən edilən miqdarda ödənilir.

"İcbari dövlət sığortası” üzrə  xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Ndt. = ƏHF * İDS

Burada Nids - illik icbari dövlət sığortası norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İDS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə müəyyən edilmiş faizi miqdarında ödənilir.

"İşsizlikdən sığorta” üzrə xərc normativinə işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.

Normativin hesablanması:

Nis = ƏHF * İS

Burada, Nis - illik işsizlikdən sığorta norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər  gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə "İşsizlikdən sığorta haqqında”  qanun ilə müəyyən edilən miqdarda ödənilir.

Yeni normativlərin qəbulu ilə əlaqədar "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli qərarı ləğv edilib.

Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, həmçinin tabeliyində dövlət peşə təhsili müəssisəsi olan orqanlara (qurumlara) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.


AMVPRESS.AZ


Xəbər lenti