Qurban bayramında Bakıya 30 min baş heyvan gətiriləcək

Qurban bayramında Bakıya 30 min baş heyvan gətiriləcək

 

"Çadır tipli məntəqələrdə qurbanlıq ətin təmizlənib hazırlanması, digər hissədə isə hazır ətin təhvili işləri həyata keçiriləcək. Ərazinin təmizliyi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə gün ərzində və günün sonunda dezinfeksiya işləri aparılacaq”.

AMVPRESS.AZ-ın məlumatına görə, bunu baytarlıq üzrə baş müfəttiş Qalib Əbdüləliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadır tipli kəsim məntəqələrinə təşkil olunan infotur zamanı jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli qiymət təyin olunan heyvanlar gətiriləcək. O bildirib ki, respublikanın istənilən yerindən vətəndaşlar öz heyvanlarını gətirərək bu cür məntəqələrdə sata biləcəklər:


"Ümumilikdə isə bayramla əlaqədar olaraq təkcə Bakı şəhərində 30 mindən artıq heyvanın gətiriləcəyi gözlənilir. Bakı şəhərində isə çadır tipli məntəqələrin sayı 21, stasionar məntəqələrin sayı isə 12-dir”.


Q.Əbdüləliyev deyib ki, bu məntəqələr 300-2000 başadək heyvan tutumuna malikdir:


"Bu çadırlarda eyni vaxtda 15 heyvanı soymaq mümkündür”.


O bildirib ki, vətəndaşlar yalnız öz həyətlərində qurban kəsimini reallaşdıra bilərlər: "Nəzərdə tutulmayan yerdə qurban kəsiminin reallaşdırılması yolverilməzdir. Belə hal aşkarlanarsa, həmin şəxs ərazidən kənarlaşdırılacaq və müvafiq addımlar atılacaq, həmin şəxs cərimə olunacaq. Bunadək, yəni son 1 ildə respublikada qanunsuz heyvan kəsimi ilə məşğul olan 500-dən çox məntəqənin fəaliyyəti dayandırılıb”.

Bakı şəhər Baytarlıq İdarəsinin şöbə müdiri Rafiq Allahverdiyev isə jurnalistlərə görüləcək təmizlik işləri haqda məlumat verib. O bildirib ki, çadırlar yığışdırıldıqdan sonra təmizlik məqsədi ilə dezinfeksiya işləri aparılacaq: "Artıq Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsinin avtomobilləri bu ərazidədir. Yaradılmış məntəqələrdə bayram öncəsi və bayram sonrası dezinfeksiya və dezinseksiya işləri aparılacaq”.


O, bu ayın 14-də çadrların yığılacağını vurğulayıb. AQTA-nın mətbuat katibi Aysel Fərziyeva isə açıqlamasında heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq üçün qurbanlıq heyvanların baytarlıq sanitariya və sanitariya tələblərinə cavab verən yerlərdə müvafiq qaydalara uyğun kəsilməsinin vacibliyindən söz açıb. O bildirib ki, iri və xırda buynuzlu heyvanların baytarlıq arayışı olmadan bir yerdən başqa yerə daşınması yolverilməzdir.


A.Fərziyeva daha sonra çadrların təchizatından da söz açıb: "Bu çadrlar gigiyenik tələblərə uyğun avadanlıqlarla, döşəmə isə drenaj sistemi ilə təmin olunub. Həmin drenaj sistemi çadrda kəsilən heyvanın qanı və digər axıntılar kanalizasiya sistemi vasitəsilə ərazidən kənarlaşdırmağa icazə verir. Nəticədə çadr və çadr ətrafında çirklənmənin qarşısı alına biləcək. Bundan başqa, çadrların ətrafında isə konteynerlər quraşdırılacaq”.

 

Mətbuat katibi bu çadrların 3 hissədən ibarət olduğunu vurğulayıb: "Çadrın birinci hissəsində öncə nömrə verilir və bundan sonra şəxsin seçiminə əsasən heyvan kəsilir. Çadrın ikinci hissəsində isə heyvan soyulur, 3-cü hissədə isə vətəndaş cəmdək formasında deyil heyvanı doğranmış formada götürə bilərlər”.


Qeyd edək ki, hazırda Qurban bayramı ilə əlaqədar olaraq çadr tipli müəssisələr üçün 5 mindən artıq xırdabuynuzlu heyvan gətirilib.

 

AMVPRESS.AZ

Xəbər lenti