Seçkidən sonra... - Elşən Gəncəvi

Seçkidən sonra... - Elşən Gəncəvi

 

Seçkidən sonra...

İstənilən prosesin iştirakçısı olmaq səni var edir. "Var olmaq” anlayışı bizim addımlarımızı daha məsuliyyətli edir. Gələcək üçün təşəbbüslərimizi gizlətməməliyik. İnsanlar bizim kim olduğumuzu bilməlidir. Nümunə yaratmaq və faydalı olmaq yaşadığımız həyatın missiyasıdır.

Hər bir fəaliyyətdə iştirakçılıq və seçim var. İstər iş həyatı olsun, istər şəxsi həyat. Biz yaşamağı bacarmalıyıq, bacardığımızı isə nümayiş etdirməliyik.

9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd oldum. Komanda olaraq seçki prosesində iştirak etdik. Mesajımızı insanlarımıza çatdırdıq. Bizim mesajımız bu gün üçün deyil, gələcək üçündür. Övladlarımızın var olacağı gələcəyi biz qurmalıyıq. İştirakçı olmalıyıq və seçimlər etməliyik ki, gələcək üçün sağlam fikirlər yarada bilək.

#SƏSİMİZTARİXDİR

Peşəkar, faydalı və nümunə yaradan insanların səsi tarixdir. Yanımızda olan, bizə dəstək verən insanların da səsi tarixdir. Biz gələcək üçün səsimizin tarix olduğunu ifadə etdik.

Prosesin siması olmaq və komanda ilə addımlamaq mənim üçün fəxrdir. Məsuliyyətli olmaq və komandanın qərarlarına hörmət etmək isə mənim borcumdur. Seçki prosesində komandanın hər bir üzvünün öhdəlikləri var idi. Verilən bütün qərarlar, atılan bütün addımlar və ümumi prosesin aparılması komandanın qərarı idi. Lider olmağın qaydası budur ki, sən tək deyilsən. Prosesdə lider ancaq öz qərarını icra edirsə, o qərar ancaq "hava” effekti yaradacaq.

Prosesdə iştirak edən komanda üzvləri öz sahələrində kifayət qədər peşəkar insanlardır. Onların imzalarını ictimaiyyət tanıyır. Hər bir fikir, hər bir addım kiçik detalına kimi müzakirə edilirdi. Komandanın verdiyi qərarların hər birisini icra etməyə çalışırdım. Özümüzü də kifayət qədər tənqid edirdik. Komandanın üzvü olan hər bir şəxs namizəd olacaq şəxslər idi. Biz gücümüzü bir olaraq təqdim etdik. Atılan hansısa addım komandanın qərarı və iradəsi idi. Biz bu yola komanda olaraq çıxmışdıq.

Məğlub olmağı bacarmaq lazımdır. Məğlubiyyət bizim üçün qələbə qədər təcrübədir. Döyüş zamanı olduğu kimi. Daha çox məğlubiyyət daha çox təcrübə deməkdir. İnsanlarımız istəyir ki, nəticəyə tez bir zamanda nail olsunlar. Heç bir güclü nəticə asan və təsadüfi deyil. Bunu biz kitablarda, filosofların müdrik fikirlərində və uğur qazanmış insanların həyatında müşahidə etmişik.

Borcumuz:

Əmək fəaliyyətimizdə insanlarımıza xidmət etmək bizim vəzifə borcumuzdur.

İctimai fəaliyyətimizdə insanlarımıza nümunə göstərmək bizim mənəvi borcumuzdur.

Gələcək üçün...

Gələcək üçün faydalı olmaq, nümunələr yaratmaq və sağlam fikirlər inşa etməliyik. Tarix bizim səsimizi gələcək üçün yaddaşlara həkk edəcək. Səhv etmək və məğlub olmaq üçün cəsarətli olaq. Gələcək üçün dərs yaradaq. Bizim səhvimiz gələcək üçün doğru olacaq. Bizim məğlubiyyətimiz gələcək üçün qələbə olacaq.

Gələcək üçün, Azərbaycanımız üçün var olaq!

AMVPRESS.AZ

 

Xəbər lenti