Vergilər Nazirliyi: “Gizli məşğulluq bəzi üzdəniraq işəgötürənlərə sərf edir”

Vergilər Nazirliyi: “Gizli məşğulluq bəzi üzdəniraq işəgötürənlərə sərf edir”
Təcrübə göstərir ki, əmək haqlarının qeyri-leqal, yəni zərflərdə verilməsi hallarını birbaşa yolla, yəni sanksiyaların, inzibati cəzaların tətbiqi ilə tam şəkildə aradan qaldırmaq mümkün deyil. Beynəlxalq təcrübədə, əsasən, vergi savadlılığının artırılması, əməkhaqqının tam şəkildə bəyan edilməsinin faydalarının təbliği geniş yayılıb. İctimaiyyətin ödənilmiş vergilərin qarşılığında əldə edəcəyi üstünlüklər, həmçinin vergilərin xərclənildiyi sahələrə dair mütəmadi məlumatlandırılması bu sahədə mühüm rol oynayır.

Latviya, Litva, Estoniya və digər qabaqcıl postsovet ölkələrində maarifləndirmə tədbirləri müxtəlif yollarla aparılır. Məsələn, vergi orqanı muzdla çalışan işçilərə ödədikləri verginin xərcləndiyi sahələrə dair məktublar göndərir. Yol kənarlarında, xəstəxanalarda, ictimai yerlərdə "Sizin verginiz bura xərclənmişdir” sözləri qeyd olunur. Bu zaman insanlar ölkənin ümumi inkişafında payları olduğunu əyani görür və qürur hissi keçirir. Vergi ödəyicilərinin borcları və vergi ödənişləri barədə məlumatlar ictimaiyyətə elan olunur. Məktəbliləri, tələbə və gəncləri vergi işçilərinin fəaliyyəti ilə tanış etmək, "kölgə iqtisadiyyatı”nın vurduğu zərərlər barədə onları məlumatlandırmaq, maarifləndirmək üçün müxtəlif proqramlar və sosial layihələr təşkil olunur.

Azərbaycan Respublikası Vergilər Nazirliyi 2018-ci ildən başlayaraq qeyri-legal fəaliyyətdən legal fəaliyyətə tədricən keçidi təmin etmək üçün vergi ödəyicilərinə düzgün yol göstərməyə, dəstək olmağa daim hazır olduğunu elan edib. Qarşıda duran prioritet vəzifə "kölgə iqtisadiyyatı”nın və ikili mühasibatlığın qarşısını almaqdır. Burada söhbət vergi orqanı tərəfindən yalnız sərt inzibati nəzarət mexanizmlərinin tətbiqindən getmir, əsas məqsəd gəlirlərin leqallaşdırılması, vergi orqanlarından gizlədilən əmək haqlarının, dövriyyələrin üzə çıxarılması, xüsusən də sahibkarları leqal işləməyin üstünlüyünə və faydalılığına inandırmaqdır.

Vergi orqanları qeyri-rəsmi məşğulluğun və qanunsuz sahibkarlığın qarşısının alınması istiqamətində bu gün bütün resursları səfərbər edib. Biznesin fəaliyyətinin, xüsusilə qeyri-rəsmi məşğulluğun, işçilərə verilən əmək haqlarının tam leqallaşdırılması, gəlirlərin düzgün bəyan edilməsi, ikili mühasibatlığın aradan qaldırılması, hesabatlılığın şəffaflaşdırılması istiqamətində bütün qanunvericilik və inzibatçılıq alətləri işə salınıb. Birmənalı şəkildə qəbul olunub ki, "kölgə iqtisadiyyatı” həm dövlətin iqtisadi gücünün artırılmasına, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına mane olan başlıca amildir.

Bir çox ekspertlər bu fikirdədirlər ki, Azərbaycanda "kölgə iqtisadiyyatı”nın əsas payını gizli məşğulluq təşkil edir. Əslində, gizli məşğulluq bəzi üzdəniraq işəgötürənlərə sərf edir. Çünki onlar əlavə sosial sığorta ödənişlərindən, vergilərdən yayınaraq qeyri-leqal yolla külli miqdarda vəsait əldə edirlər. "Kölgə iqtisadiyyatı”nın formalaşmasının digər başlıca səbəbi ikili mühasibatlıqla bağlıdır. Şirkətlərdə dövriyyənin tam rəsmiləşdirilməsi həyata keçirilmir, işçilər ya əmək müqaviləsi olmadan işə cəlb olunur, ya da maaşlar sənədlərdə tam əks etdirilmir. Ona görə "kölgə iqtisadiyyatı”na qarşı mübarizənin uğurla aparılması üçün birmənalı şəkildə ikili mühasibatlığa qarşı mübarizə gücləndirilməlidir. Mühasibatlıq sisteminin tam rəsmiləşdirilməsinə ehtiyac var. Vergi orqanları bu problemin həlli üçün sosial tərəfdaşlar və müxtəlif biznes sahələrində səlahiyyətlərə malik təşkilatlarla (peşəkar assosiasiyalar, podratçı təşkilatlar) əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas məqsədi biznes sektorunu dərindən öyrənmək, bu sahədə rəsmi və qeyri-rəsmi məlumatlara yiyələnməkdir.

Lakin problemin həlli təkcə bunlardan asılı deyil. Bu məsələdə vətəndaşlar daha aktiv olmalı, əmək haqlarının tam rəsmiləşdirilməsini tələb etməlidirlər. Burada "qara” və "boz” əməkhaqqını fərqləndirmək lazımdır. Əməkhaqqını tamamilə qeyri-rəsmi alanlar - "qara” maaşa işləyənlər, gəlirinin müəyyən qismini – adətən cüzi hissəsini rəsmi şəkildə, qalan hissəsini isə gizli alanlar "boz” maaşa işləyənlərdir. Əmək bazarının tədqiqatları ilə məşğul olan "Superjob” portalının ötən il keçirdiyi sorğu zamanı müəyyən edilib ki, insanlar bir neçə səbəbə görə uçotdan gizlədilən əməkhaqqı almağa razı olur: başqa yol yoxdur; daha çox gəlirli və ya perspektivli iş əldə etmək istəyi mövcuddur və nəhayət, riskə getdiklərinin fərqinə varmırlar.

İşçilər yaranacaq risklərdən xəbərsiz olduqları üçün kor-koranə işəgötürənin hər istəyi ilə razılaşırlar. Əvvəla, işəgötürən günün birində pulun yayındırılan hissəsini ödəməkdən imtina edə bilər və buna görə o, heç kimə izahat verməyə boclu deyil. Yəni o, öhdəlikdən asanlıqla yayına bilər. Kredit götürərkən, ipoteka ilə mənzil alarkən, xaricə viza sənədləri düzəldərkən, övladının xaricdə təhsil haqqını ödəyərkən qeyri-rəsmi gəlirləri bəyan etmək olmur. Və nəhayət, sonucu və ən mühümü olan pensiya fonduna yığımlardır. Ona görə də bütün bu risklərdən sığortalanmağın tək yolu var – "ağ” əməkhaqqı ilə işləmək, alacağın pulun tam rəsmiləşdirilməsini tələb etmək və rahat vicdanla yaşamaq...
 
AMVPRESS.AZ

Xəbər lenti