Vergilər Nazirliyi iş adamlarına - CƏRİMƏLƏRİ XATIRLATDI – «XƏBƏRDARLIĞA ARXAYIN OLMASINLAR»

Vergilər Nazirliyi iş adamlarına - CƏRİMƏLƏRİ XATIRLATDI – «XƏBƏRDARLIĞA ARXAYIN OLMASINLAR»
Vergilər Nazirliyi bəzi sahələrdə, xüsusilə də pərakəndə ticarət və ictimai iaşə, yəni kafe restoranlarda kassa çeklərindən istifadə səviyyəsindən narazı qalıb.

AMVPRESS.AZ xəbər verir ki, nazirliyin bununla bağlı yayılan məlumatında bildirilir ki,ayrı-ayrı sektorlarda dövriyyələr və vergi daxilolmaları artsa da, «bəzi sektorlarda, xüsusilə də, pərakəndə ticarət və ictimai iaşə sektorlarında şəffaflaşma prosesinin sürəti qaneedici deyildir».

Vergilər Nazirliyi hesablayıb ki, yayınmalar ən çox vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları ilə bağlıdır. Bununla əlaqədar, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində kasaalardan istifadəyə nəzarəti gücləndirib.

Bakı şəhərində aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb. Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Qeyd edilməlidir ki, istehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. «Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir»-deyə məlumatda bildirilir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir.


Amma nazirlik xəbərdarlıq edir ki,  sahibkarlar buna arxayın olmamalıdırlar: «Çünki, rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə, vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilər». Nəticədə  ki, həmin iş adamlarının obyektlərində daha tez-tez vergi yoxlamaları aparıla bilər.
 

AMVPRESS.AZ

Xəbər lenti