SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq

SOCAR nəhəng şirkətlərlə şahmat masasında mübarizə aparacaq

SOCAR şirkətlər arasında şahmat üzrə ilk koprorativ dünya çempionatında iştirak edəcək.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Belə ki, fevralın 19-dan 21-ə kimi Chess.com saytında onlayn formatda korporativ şirkətlər üzrə ilk dünya çempionatı keçiriləcək. Bu mötəbər yarışda dünyanın "Global 500” siyahısında yer alan "Facebook”, "Google”, "Morgan Stanley”, "Gazprom” kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da "ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaq.

Şirkəti yarışda üç həmkar - Baş Ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, Azneft İstehsalat Birliyinin Qazma mühəndisliyi və əməliyyatlar Departamentinin böyük mühəndisi Cavid İbişov, Baş Ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili Departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcək.

Nizamnaməyə əsasən hər bir iştirakçı şirkət FIDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.

Yarışda iştirak edəcək "legionerlər” siyahısında dünya çempionu Maqnus Karlsen, Namizədlər Turnirinin iştirakçıları – Yan Nepomnyaşi və Aniş Qiri, tanınmış qrossmeysterlər – Anton Korobov, Vladislav Artemyev, Radoslav Voytaşek, Vladimir Malaxov, Qeorq Mayer və başqaları var.

FIDE prezidenti Arkadi Dvorkoviç iştirakçılara müraciətində deyib: "Əminik ki, bu həm də iştirakçı komandalar və onların məsul şəxslərinə idman vasitəsilə yeni müştərilər və biznes imkanları əldə etmək, milli və beynəlxalq biznesin liderləri və təmsilçiləri ilə əlaqələri inkişaf etdirmək şansı verəcək”.

Tarixdə ilk dəfə keçiriləcək korporativ dünya çempionatında Azərbaycandan SOCAR və SOCAR AQŞ şirkətlərinin komandaları iştirak edəcək.

Yarış iştirakçılarına uğur diləyən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Azərbaycanın şahmat üzrə yığma komandasının tərəfdaşı, beynəlxalq turnirlərin təşkilatçısı kimi təkcə ölkəmizdə deyil, bütün regionda şahmatın inkişafına dəstək verir: "Biz "SOCAR-Azərbaycan” şahmat komandasının dünyada keçirilən mötəbər yarışlarda qazandığı nailiyyətlərdən qürur duyuruq. Əminəm ki, SOCAR şirkətlər arasında ilk dünya çempionatında iştirak etməklə məntiq, zəka tələb edən bu qədim oyunun korporativ şirkətlərin əməkdaşları arasında daha böyük populyarlıq qazanmasına və inkişafına öz töhfəsini verəcək”.

FIDE-nin şahmat veteranlarına dəstək və uşaqlar üçün təhsildə şahmat sosial proqramlarına töhfə verən bütün iştirakçı komandalar 2021-ci il noyabrın 24-dən dekabrın 16-dək "Dubai World Expo 2021” sərgisi çərçivəsində keçiriləcək dünya çempionatında iştirak hüququ da əldə edəcək.

 

AMVPRESS.AZ 

Xəbər lenti